Hacıqabulda avtobus qəzası: 30 nəfərin yaralandığı bildirilir
Hacıqabul rayonunda avtobus qəzası baş verib.
Faktxeber.az xəbər verir ki, hadisə iyulun 12-də saat 05:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, 132-ci kilometrdə hərəkətdə olan "Yutong" markalı avtobus idarəetmədən çıxaraq əvvəlcə yolun sol tərəfindəki beton arakəsmələrə çırpılıb, daha sonra aşıb.
Qəza nəticəsində Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Qeyri-rəsmi məlumata görə, hadisə zamanı xəsarət alanların sayının daha çox olduğu, təxminən 30 nəfərin yaralandığı bildirilir. Rəsmi məlumatda isə iki nəfərin xəsarət aldığı qeyd olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.