Süni intellektlə başqasının fotosunu və videosunu hazırlamaq: Hansı cəza tətbiq olunur? - VƏKİLDƏN AÇIQLAMA
Süni intellekt texnologiyalarının sürətli inkişafı foto və videoların hazırlanmasını asanlaşdırsa da, bu imkanların başqa şəxslərin görüntülərindən icazəsiz istifadə olunması ilə bağlı hüquqi riskləri də artırır. Xüsusilə bir şəxsin fotosu əsasında onun real görüntüsünə bənzər saxta foto və ya video hazırlanması, daha sonra həmin materialın yayılması müxtəlif hüquqi məsuliyyət məsələlərini gündəmə gətirə bilər.
Bəs süni intellekt vasitəsilə başqa şəxsin foto və videosunu icazəsiz hazırlayan və ya yayan şəxsi hansı cəza gözləyir? Azərbaycanda qanunvericilik bu cür hallara necə yanaşır?
Mövzu ilə bağlı vəkil Turan Abdullazadə BiG.AZ-a açıqlamasında bildirdi ki, qanunverici bu məsələyə iki ayrı bucaqdan yanaşıb. Ona görə də cavab verməzdən əvvəl bir şeyi ayırd etmək lazımdır: söhbət sadəcə süni intellektlə hazırlanmış məzmundan gedir, yoxsa konkret bir insanın üzündən, səsindən istifadə olunmasından?
Birinci halda məsələ o qədər də ağır deyil. Tutaq ki, kimsə süni intellektlə bir video hazırlayıb və onu heç bir qeyd olmadan yayır. Məzmun tamam zərərsiz ola bilər, heç kimi incitmir, hüquqlarına toxunmur.
Amma İnzibati Xətalar Məcəlləsinin 388-3-cü maddəsi deyir ki, əgər sən bunun süni intellektlə hazırlandığını bilə-bilə heç bir nişanlanma qoymadan yayırsansa, 80 manatdan 150 manatadək cərimə olunursan. Burada qorunan dəyər şəffaflıqdır - cəmiyyətin nəyin real, nəyin süni olduğunu bilmək hüququ. Nişanlanma isə həm proqramın özünün avtomatik qoyduğu işarə ola bilər, həm də sonradan əlavə etdiyiniz yazı, səs və ya vizual qeyd. Yəni bu, çox da mürəkkəb bir tələb deyil.
İkinci hal isə tamamilə başqa müstəvidədir.
Cinayət Məcəlləsinin 148-2-ci maddəsi konkret insanı qoruyur. Əgər siz bir şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə edib reallığı əks etdirməyən material hazırlayırsınızsa - bu artıq cinayətdir. Və burada çox vacib bir incəlik var ki, çox vaxt gözdən qaçır: qanun "hazırlama və ya yayma" deyir. Yəni siz o videonu heç kimə göstərməsəniz də, sadəcə yaratmağınızın özü cinayət tərkibini yaradır. Yaymaq şərt deyil.
Cəzaya gəlincə, əsas tərkib üzrə hakimin əlində bir neçə variant var: üç mindən yeddi min manatadək cərimə, ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, ya üç ilədək azadlığın məhdudlaşdırılması, ya da üç ilədək azadlıqdan məhrumetmə.
Amma iş ağırlaşdırıcı hallara keçəndə mənzərə dəyişir. Orada alternativ yoxdur - yalnız üç ildən beş ilədək azadlıqdan məhrumetmə. Bu hallar hansılardır? Əməl bir qrup şəxs tərəfindən törədilibsə, iki və daha çox adama qarşı yönəlibsə, insanın şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq məqsədi güdürsə, yaxud şəxs öz vəzifəsini və ya ictimai borcunu yerinə yetirdiyinə görə o özü və ya yaxınları hədəfə alınıbsa.
Sadə dillə yekunlaşdırsaq: nişanlanmamaq cərimə məsələsidir, başqasının üzünü və səsini icazəsiz istifadə etmək isə həbs-azadlıqdan məhrumetmə məsələsidir.
Bir də vətəndaşlara demək istərdim ki, cinayət təqibi yeganə yol deyil. Zərərçəkmiş paralel olaraq Mülki Məcəllə əsasında şərəf və ləyaqətinin müdafiəsini, mənəvi zərərin ödənilməsini tələb edə bilər. Və ən praktik məsləhətim budur: belə bir hadisə ilə üzləşəndə birinci iş sübutu qorumaqdır. Link, ekran görüntüsü, mümkünsə faktın təsbitinə dair digər mötəbər sübutlar. Çünki bu cür məzmun bir neçə saata silinir və sonra əlinizdə heç nə qalmır.