Azərbaycanda nə qədər rus yaşayır? – Son siyahıyaalınmalar nə göstərir?
Azərbaycanda yaşayan rusların dəqiq sayı ilə bağlı növbəti rəsmi statistika 2029-cu ilin payızında keçiriləcək əhalinin siyahıyaalınmasından sonra məlum olacaq. Həmin proses zamanı ölkə əhalisinin etnik mənsubiyyəti barədə də məlumatlar toplanacaq.
Rusların Azərbaycana köçü XIX əsrin əvvəllərinə təsadüf edir. Rusiya imperiyasının Cənubi Qafqazda mövqeyini gücləndirməsindən sonra müxtəlif rus dini icmalarının bölgəyə köçürülməsinə başlanılıb. İlk məskunlaşanlar arasında əsasən molokanlar, duxoborlar, subbotniklər, baptistlər və digər dini qruplar yer alıb. Onlar 1832-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə kəndlərdə yerləşdiriliblər.
XX əsrin əvvəllərində ölkə ərazisində bu icmalara məxsus 46 rus kəndi mövcud idi. Zaman keçdikcə həmin yaşayış məntəqələrinin bir hissəsi öz simasını dəyişsə də, İsmayıllının İvanovka kəndi bu gün də molokanların tarixi yaşayış məskəni kimi tanınır.
Rus icmasının sayının artmasına təsir göstərən ikinci mühüm mərhələ XIX əsrin sonlarında Bakının iri sənaye və neft mərkəzinə çevrilməsi olub. Neft sənayesinin sürətli inkişafı Rusiyanın müxtəlif bölgələrindən mühəndislərin, fəhlələrin, sahibkarların və digər mütəxəssislərin Bakıya axınına səbəb olub.
Üçüncü mərhələ isə sovet dövrünə təsadüf edir. Həmin illərdə Bakı SSRİ-nin əsas sənaye və hərbi mərkəzlərindən biri sayılırdı. Respublika ərazisində yerləşən hərbi hissələrdə xidmət edən zabitlərin ailələri də əsasən şəhərlərdə məskunlaşırdı.
Sovet dövründə keçirilən siyahıyaalınmalar göstərir ki, ruslar uzun müddət Azərbaycanda ikinci ən böyük etnik qrup olub.
Rəsmi statistikaya əsasən:
1926-cı ildə Azərbaycanda 220 min 672 rus yaşayırdı ki, bu da ölkə əhalisinin 9,5 faizini təşkil edirdi.
1939-cu ildə onların sayı 528 min 318 nəfərə yüksələrək tarixi maksimuma çatdı. Həmin dövrdə rusların əhalidəki payı 16,5 faiz idi.
1959-cu ildə ölkədə 501 min 13 rus qeydə alındı və onların xüsusi çəkisi 13,6 faiz oldu.
1970-ci ildə rusların sayı 510 min 437 nəfərə yüksəlsə də, ümumi əhalinin artımı fonunda payları 10 faizə endi.
1979-cu ildə bu göstərici 475 min 255 nəfər, əhalidəki pay isə 7,9 faiz təşkil etdi.
1989-cu ildə, SSRİ-nin süqutundan əvvəl keçirilən son ümumittifaq siyahıyaalınmasına görə, Azərbaycanda 392 min 304 rus yaşayırdı. Onların ölkə əhalisindəki payı 5,6 faiz idi.
Beləliklə, rus icmasının ən yüksək say göstəricisi 1939-cu ildə qeydə alınıb. Sonrakı illərdə isə həm demoqrafik dəyişikliklər, həm də miqrasiya prosesləri nəticəsində bu göstərici tədricən azalmağa başlayıb.
Mütəxəssislər bildirirlər ki, rus əhalisinin ölkədən köçü yalnız Azərbaycanın müstəqillik dövrü ilə bağlı olmayıb. Bu proses hələ 1980-ci illərdə başlamışdı. 1989-cu ilin məlumatlarına görə, ölkədə yaşayan 392,3 min rusun təxminən 295,5 mini Bakıda məskunlaşmışdı.
1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması, iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik və regionda baş verən münaqişələr miqrasiyanı daha da sürətləndirdi.
Müstəqillik dövründə keçirilən siyahıyaalınmalar da rus icmasının sayında azalma meylinin davam etdiyini ortaya qoyur.
1999-cu ildə Azərbaycanda 141 min 687 rus yaşayırdı. Bu, ölkə əhalisinin 1,8 faizinə bərabər idi.
2009-cu il siyahıyaalınmasına əsasən, onların sayı 119 min 306 nəfər, xüsusi çəkisi isə 1,3 faiz olub.
2019-cu ildə isə ölkədə yaşayan etnik rusların sayı 71 min 259 nəfər olaraq qeydə alınıb. Bu da ümumi əhalinin 0,7 faizini təşkil edib.
Rus icmasının sayının azalmasına təkcə miqrasiya deyil, həm də demoqrafik amillər təsir göstərib. İcma daxilində yaşlı nəslin üstünlük təşkil etməsi, doğum səviyyəsinin aşağı olması və cins nisbətindəki fərqlər bu prosesi sürətləndirən əsas səbəblərdən hesab olunur.
1999-cu ilin siyahıyaalınmasının nəticələri göstərib ki, rus icmasında qadınların sayı kişilərdən əhəmiyyətli dərəcədə çox idi. Həmçinin onların orta yaş göstəricisi ölkədə yaşayan digər etnik qruplarla müqayisədə daha yüksək olub.
Hazırda Azərbaycanda yaşayan rusların əksəriyyəti Bakı şəhərində məskunlaşıb. Bununla yanaşı, Sumqayıt və Gəncə şəhərlərində, eləcə də Xaçmaz və İsmayıllı rayonlarında da rus icmasının nümayəndələri yaşayırlar.
Bu gün ruslar Azərbaycanın ən böyük etnik azlıqlarından biri olaraq qalırlar. Ölkədə rus dilində fəaliyyət göstərən təhsil müəssisələri, mədəniyyət ocaqları, media qurumları və pravoslav dini icmaları fəaliyyətini davam etdirir.