Leyla Əliyeva və Alyona Əliyeva Xınıslı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər (FOTO)
Oktyabrın 26-da Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq
bağçasının açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona
Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə
tanış olublar.
Heydər Əliyev Fondu tərəfindən inşa edilən həmin məktəbəqədər
təhsil müəssisəsi 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün
ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və
tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana
var.
Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup
otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib.
Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun
attraksionları olan meydança yaradılıb.
Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova AZƏRTAC-a açıqlamasında
bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə
yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev
Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında
uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.
Ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də
mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması
ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər
Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır.
2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə,
onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir.
Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir.
Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son
illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları,
məktəblər inşa edilərək istifadəyə verilib.
Mənbə: https://az.trend.az/azerbaijan/society/4239374.html