Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

22 Oktyabr 2026, 16:00 8 baxış

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,7 faizi İsrail, 3,5 faizi Pakistan, 3,1 faizi Özbəkistan, 2,8 faizi Çin, 2,6 faizi Hindistan, 2,4 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 1,0 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.


Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki,

bu azalmanı xatırlayırıqsa, ilin əvvəllərində və ortalarında göstərici 10 faizə yaxın idi:


"Mövcud İran-İsrail müharibəsi Azərbaycan turizm bazarına ciddi təsir göstərib. Çünki hədəf bazarlarımız olan Körfəz ölkələri, İran və İsraildən Azərbaycana gələn turistlərin sayı hava məkanının bağlanması ilə əlaqədar olaraq kəskin azalmışdı. Hazırda müşahidə olunan müəyyən artım isə əslində bu azalmanın həcmini aşağı salıb. Ölkədən gedənlərin sayında da bəzi istiqamətlər üzrə artım müşahidə edirik. Xüsusilə Türkiyə və Gürcüstana səfərlərin sayında artım var. Gürcüstana gedənlərin sayının daha çox artması qatarın istifadəyə verilməsi ilə əlaqədardır. Əlçatanlıq artdıqca bu istiqamətdə artımı daha çox görə biləcəyik. Ümumilikdə, demək olar ki, hər 10 nəfərdən 4-ü Türkiyəyə, qardaş ölkəyə səyahət edir. Bunun əsas səbəblərindən biri Türkiyə ilə hava nəqliyyatı əlaqələrinin daha geniş olmasıdır".


Müsahibimiz əlavə edib ki, Azərbaycan gələn turistlərin mənbə bazarlarını şaxələndirməyə çalışır:


"Şərqi Avropa, Mərkəzi Asiya ölkələri və Çin kimi istiqamətlərdən daha çox turist cəlb etmək məqsədilə hazırda müxtəlif tanıtım işləri aparılır. Bununla bağlı yeni təsdiqlənmiş proqram əsasında da müxtəlif tədbirlər həyata keçirilir. Düşünürük ki, siyasi və digər iqtisadi vəziyyətlər sabit qalarsa, növbəti ildən daha çox artım müşahidə edə bilərik. Azərbaycanın qarşıdakı dövr üçün əsas hədəfi ölkəyə daha çox turist cəlb etmək və turist qəbulunu artırmaq olacaq.

Türkiyəyə səfərlərin daha çox olmasının təbii səbəbləri var. Belə ki, bu ölkə ilə hava nəqliyyatı əlaqələri daha genişdir, birbaşa reyslərin sayı çoxdur, viza tələbi yoxdur və şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkündür. Bütün bunlar səfərlərə təsir edən amillərdir. Ümumiyyətlə, qonşu ölkələr həmişə prioritet istiqamətlər olub. Bunlara Gürcüstan və Rusiya daxildir. Rusiyada müharibə və mövcud gərginlik səbəbindən bu ölkəyə gedənlərin sayında da müəyyən azalma müşahidə edirik. İrana səfərlərin sayında isə oradakı məlum vəziyyətlə əlaqədar olaraq 40 faizdən çox azalma qeydə alınıb".


Aynur Babazadə

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə