Azıx və Tağlar mağaraları ilə bağlı mühüm qərar: Dövlət qoruğu yaradılır
Azıx-Tağlar Arxeoloji Parkı Dövlət Qoruğu yaradılır
Azıx və Tağlar mağara düşərgələrinin ərazisində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılır.
Faktxeber.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu elan edilib.
Sənədə əsasən, Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, onun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirməli, ərazidə xüsusi mühafizə rejimini tətbiq etməli və görülən tədbirlər barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Bununla yanaşı, Nazirlər Kabineti Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mədəniyyət Nazirliyinə Qoruğun idarə olunmasının təmin edilməsi, eləcə də Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri xərclər dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdiriləcək.