Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək
Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) bu gün 2030-cu ildə
dünya çempionatının Moskvada keçiriləcəyini açıqlayıb. Beləliklə,
bu idman növü 2022-ci ildə Ukraynada müharibə başlayandan bəri
dünya çempionatını Rusiyada təşkil edən ilk olimpiya idman növü
olacaq.
“2029-cu il dünya çempionatı Hindistanın Əhmədabad şəhərində
keçiriləcək, 2030-cu il dünya çempionatına isə Moskva (Rusiya) ev
sahibliyi edəcək”, – deyə İWF-nin bəyanatında bildirilib.
2022-ci ildən bəri Rusiyada nə yay, nə də qış Olimpiya
Oyunlarının proqramına daxil olan idman növləri üzrə dünya
çempionatı keçirilib. Rusiyanın Kazan şəhərinə həvalə edilmiş
2025-ci il üzgüçülük üzrə dünya çempionatı isə sonradan Sinqapura
köçürülüb.
Ağır atletika üzrə dünya çempionatının təşkilinin Rusiyaya
həvalə edilməsi ölkənin beynəlxalq idman yarışlarına qayıdışı
istiqamətində növbəti addımdır.
İyul ayında Beynəlxalq Olimpiya Komitəsi rusiyalı idmançılara
tətbiq edilən məhdudiyyətlərin bir qismini aradan qaldırıb. Bununla
da rusiyalı idmançılar, o cümlədən komanda idman növlərində çıxış
edənlər, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya
Oyunlarında iştirak edə bilərlər. Bununla belə, onlar hələ də öz
himnlərini və bayraqlarını geri qaytarmayıblar. İWF isə ötən ilin
iyun ayında rusiyalı və belaruslu idmançıların öz yarışlarında tam
iştirakına icazə vermək qərarı qəbul edib.
Cüdo və üzgüçülük üzrə beynəlxalq federasiyalar da müvafiq
olaraq 2025-ci ilin noyabrında və 2026-cı ilin aprelində analoji
qərarlar qəbul ediblər. Beynəlxalq Paralimpiya Komitəsi də ötən qış
Milan-Kortinada keçirilən Oyunlarla bağlı eyni addımı atıb.
Bununla yanaşı, dünya atletikasını idarə edən "World Athletics"
təşkilatı sülh danışıqlarında daha “konkret” irəliləyiş əlamətləri
görünənədək rusiyalı və belaruslu idmançıların yarışlardan tam
kənarlaşdırılması qərarını qüvvədə saxlayır.
Mənbə: https://az.trend.az/azerbaijan/sports/4238927.html