Pensilvaniyada səkkiz nəfəri qətlə yetirən şəxs silahı özünə tuşlayaraq intihar edib
“Əməkdaşlarımızın həmin evdə qarşılaşdıqları mənzərənin
təfərrüatlarını müzakirə etməyəcəyəm”. Polis rəisi Rik Lorahın
mətbuat konfransı zamanı səsləndirdiyi bu sözlər oktyabrın 9-da,
cümə günü Pensilvaniya ştatının İri şəhərindəki evdə hüquq-mühafizə
orqanlarının əməkdaşlarının aşkar etdikləri mənzərənin dəhşətini
göstərir.
Bir neçə atəş səsindən sonra hadisə yerinə gələn ilk iki polis
əməkdaşı həyətdə iki nəfərin meyitini aşkar edib. Daha sonra
əraziyə baxış keçirmək üçün pilotsuz uçuş aparatı və robotdan
istifadə olunub. Birinci mərtəbədə daha bir neçə meyit, o cümlədən
beş yaşlı oğlan uşağının və bir yaşlı qızın cəsədləri tapılıb.
Pilləkən qəfəsində daha dörd nəfərin meyiti aşkarlanıb. Daha sonra
polis əməkdaşları ikinci mərtəbədə əsas şübhəlinin meyitini
tapıblar. Ümumilikdə, doqquz nəfərin meyiti aşkar edilib ki,
onlardan səkkizi eyni ailənin üzvləri olub.
Atışmanın motivi hələlik məlum deyil. Bununla belə, İri
şəhərinin polis rəisi Rik Lorah mətbuat konfransında mümkün
versiyalardan biri kimi şübhəlinin psixi sağlamlığı ilə bağlı
problemləri də qeyd edib. Hazırda müstəntiqlər qurbanların
yaxınlarını dindirməli və evin qarşısında öldürülən iki qadının
mobil telefonlarını təhlil etməlidirlər. The Guardian nəşrinin
yazdığına görə, şübhəli nəvələri olan bir baba idi və yaxınlarının
sözlərinə əsasən, onda əvvəllər heç vaxt qeyri-sabit psixoloji
vəziyyət əlamətləri müşahidə edilməyib.
Müstəntiqlərin araşdırdığı video və audio yazılara əsasən,
əvvəlcə evin içərisindən bir neçə boğuq atəş səsi eşidilib. Bir
qədər sonra aşkar şəkildə kömək istəyən iki qadın qapının qarşısına
gələrək qapını döyüblər. Ehtimal olunur ki, kişi bundan sonra evdən
çıxaraq qadınlara atəş açıb, daha sonra isə yenidən evə
qayıdıb.
İri şəhərinin meri Daria Devlin şənbə günü mətbuat konfransında
qurbanların ailələrinə başsağlığı verib və bütün şəhər
ictimaiyyətinin onların dərdinə şərik olduğunu bildirib.
Faciənin miqyasına görə Pensilvaniya ştatının qubernatoru Coş
Şapiro da hadisəyə münasibət bildirib. O, X sosial şəbəkəsindəki
paylaşımında qurbanların yaxınları üçün “dua etdiyini” qeyd
edib.