Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib (FOTO)

12 Sentyabr 2026, 22:19 2 baxış

Bakı. Trend:


Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə Kəlbəcər rayonunda növbəti Bal Festivalı keçirilib.


Festival IDEA İctimai Birliyi, Kəlbəcər rayonunda Azərbaycan
Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı
Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar
Assosiasiyasının birgə təşkilatçılığı ilə olub. Tədbirdə
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri,
dövlət qurumlarının məsul şəxsləri, yerli sakinlər iştirak
ediblər.


Tədbirdən əvvəl nümayəndə heyəti rayon ərazisində aparılan
tikinti işləri ilə tanış olublar. Kəlbəcər rayonunda Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev
Kəlbəcərdə işğaldan azad edildikdən sonra həyata keçirilən
genişmiqyaslı bərpa, quruculuq və abadlıq işləri barədə diplomatik
korpusun nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki,
rayonda müasir infrastrukturun yaradılması, sosial-iqtisadi
inkişafın təmin edilməsi, kənd və şəhərlərin yenidən qurulması,
eləcə də əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması
istiqamətində kompleks tədbirlər həyata keçirilir.


Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.


Sonra Kəlbəcərə qayıdışla bağlı hazırlanan videoçarx nümayiş
etdirilib.


Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev Kəlbəcərin işğal tarixinə toxunub, sakinlərin
yaşadığı faciələrdən, məcburi köçkünlük ağrılarından və doğma
torpaqdan ayrılmağın acısından bəhs edib. O, Kəlbəcərin uzun müddət
mühasirədə saxlanıldığını, dinc əhaliyə qarşı amansız cinayətlər
törədildiyini və insanların ağır sınaqlarla üzləşdiyini diqqətə
çatdırıb. Prezidentin köməkçisi bu gün doğma Kəlbəcərə qayıdışın
xalqımız üçün böyük qürur və tarixi əhəmiyyət daşıyan bir hadisə
olduğunu vurğulayıb. Hikmət Hacıyev əlavə edib ki, bu gün həmin
ağrılı xatirələrin yerini böyük qürur və sevinc hissi tutur:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə biz doğma Kəlbəcərdəyik. Kəlbəcər yenidən qurulur, dirçəlir və
tarixi simasını bərpa edərək, Azərbaycanın ən gözəl şəhərlərindən
birinə çevrilir”.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Bəşir Hacıyev bildirib ki, dövlətimizin başçısının
rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və
quruculuq işləri aparılır, yaşayış məntəqələri yenidən qurulur və
soydaşlarımız doğma yurdlarına qayıdırlar. O qeyd edib ki,
Kəlbəcərin qədim təsərrüfat ənənələrindən olan arıçılıq bu gün də
inkişaf edir və arıçıların öz məhsullarını Bal Festivalında təqdim
etməsi təqdirəlayiqdir. Bəşir Hacıyev festivalın ənənəvi xarakter
alaraq ildən-ilə genişlənəcəyinə və Kəlbəcərin kənd təsərrüfatı,
turizm və iqtisadi potensialının ölkə daxilində və beynəlxalq
səviyyədə tanıdılmasına töhfə verəcəyinə inandığını vurğulayıb.


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində kənd
təsərrüfatının, o cümlədən Kəlbəcərdə arıçılığın inkişafı üçün
geniş imkanlar yaradılıb. 2026-cı ildə rayon ərazisinə 3396 fermerə
məxsus 148 min 308 arı ailəsinin mövsümi köçürülməsinə icazə
verilməsi arıçılığa marağın göstəricisidir. Nazir Məcnun Məmmədov
əlavə edib ki, Kəlbəcərdə nümayiş olunan məhsullar və arıçıların
zəhməti Azərbaycanda arıçılığın böyük potensiala malik olduğunu
göstərir və əsas hədəf bu potensialı inkişaf etdirərək, yerli
arıçılıq məhsullarının keyfiyyət və rəqabət qabiliyyətini artırmaq,
Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula
çevirməkdir: “İnanıram ki, dövlət dəstəyi və birgə səylər
nəticəsində Azərbaycan balı yaxın illərdə həm daxili, həm də dünya
bazarlarında mövqeyini daha da möhkəmləndirəcək”.


Festival konsert proqramı ilə davam edib.


Festivalın əsas məqsədi Azərbaycan balının tanıdılması və
coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, yerli və
xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, həmçinin
Kəlbəcərin tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə
turizmin inkişafına töhfə, aqroturizm, ekoturizm və kənd turizminə
marağın artırılması, bölgənin musiqisinin, rəqslərinin, mətbəxinin,
milli-mədəni irsin təbliğidir.


Kəlbəcər Bal Festivalında Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarından, eləcə də respublikanın digər bölgələrindən
məhsullarını brendləşdirmiş ümumilikdə 34 arıçı fermer iştirak
edib. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında
ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc
Arıçı” layihəsinin iştirakçıları da festivalda məhsullarını
sərgiləyiblər. Arıçıların istehsal etdiyi bal və digər arıçılıq
məhsullarının nümayişi, arıçılıq sahəsində tətbiq olunan innovativ
yanaşma və texnologiyalar ziyarətçilər tərəfindən maraqla
qarşılanıb.


Ziyarətçilər, o cümlədən Azərbaycanda akkreditə olunmuş
diplomatik korpusun nümayəndələri arıçı fermerlərin təqdim
etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçirib,
istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar.
Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə
fikir mübadiləsi aparıblar.

Mənbə: https://az.trend.az/azerbaijan/society/4223373.html

Bu xəbəri paylaş:
Səsləndirmə