Elman Məmmədovun doğum günüdür – Xocalıdan başlayan həyat yolu

18 Oktyabr 2026, 10:50 35 baxış

Bu gün, oktyabrın 18-də Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı və “Azərbaycan Bayrağı” ordeninin təltifçisi Elman Məmmədovun doğum günüdür.

Faktxeber.Az xəbər verir ki, Elman Camal oğlu Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olub.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1973-cü ildə Xocalı kənd orta məktəbində müəllim kimi başlayan Elman Məmmədov sonralar həmin təhsil müəssisəsində direktor müavini və direktor vəzifələrində çalışıb.

1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi vəzifəsində işləyib. 1987-ci ildə Xocalı İcraiyyə Komitəsinin sədri təyin olunub, 1991–2000-ci illərdə isə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Qarabağ müharibəsinin veteranı olan Elman Məmmədov xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, uzun illərdir ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. 

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. Bu təltif onun ictimai-siyasi fəaliyyətinə verilən qiymətin göstəricisidir.

Elman Məmmədov müxtəlif illərdə ikinci, üçüncü və dördüncü, beşinci, altıncı çağırış Milli Məclisin deputatı olub. O, 2024-cü il sentyabrın 23-də keçirilən seçkilərdə yenidən deputat seçilərək VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. Hazırda parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, eləcə də Regional məsələlər komitəsinin üzvüdür. O, Yeni Azərbaycan Partiyasını təmsil edir. Partiyanın Veteranlar şurasının üzvüdür.

Elman Məmmədov ailəlidir, yeddi övladı var.

Elman Məmmədov gənclərə göstərdiyi diqqət və dəstəyə, onların təşəbbüslərinə həssas yanaşması ilə də seçilir. O, gənclərin inkişafına, qarşıya qoyduqları məqsədlərə çatmasına dəstək göstərməyi vacib hesab edir. Bununla yanaşı, seçicilərlə mütəmadi ünsiyyət saxlayaraq onların müraciət və problemlərinə diqqətlə yanaşır, imkanları daxilində kömək göstərməyə çalışır. Onun insanlarla səmimi münasibəti və ehtiyacı olanlara dəstək göstərməsi ictimai fəaliyyətinin mühüm istiqamətlərindəndir.

Faktxeber.Az Elman Məmmədovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətində uğurlar arzulayır.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə