Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır - Hikmət Hacıyev (FOTO)

01 Oktyabr 2026, 18:38 8 baxış

Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır və
qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri əsasında
inkişaf edir.


Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi -
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial
şəbəkəsində paylaşımında bildirib.


Hikmət Hacıyev qeyd edib ki, Avropa İttifaqının Şərqi Avropa və
Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) 20-dən çox Avropa
ölkəsinin nümayəndələrindən ibarət heyətini qəbul edib.


Onun sözlərinə görə, son yüksəksəviyyəli təmaslar nəticəsində
siyasi dialoq intensivləşib, praktiki əməkdaşlıq isə əhəmiyyətli
dinamika qazanıb.


“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və
regional bağlantılılıqda, xüsusilə Orta Dəhlizdə strateji rolu
Aİ-Azərbaycan münasibətlərinin mühüm istiqamətlərindəndir”, – deyə
Hikmət Hacıyev bildirib.


O qeyd edib ki, əməkdaşlıq eyni zamanda təmiz enerji, rəqəmsal
transformasiya və innovasiyalar, eləcə də investisiyalar sahələrini
əhatə edəcək şəkildə genişlənir.


Hikmət Hacıyevin sözlərinə görə, cari ildə Azərbaycan və Aİ
arasında təhlükəsizlik dialoqu Siyasi və Təhlükəsizlik Dialoqu
formatına genişləndirilib.


“Biz yeni hərtərəfli ikitərəfli saziş və yenilənmiş Tərəfdaşlıq
Prioritetləri istiqamətində işləyirik”, – deyə o vurğulayıb.


Hikmət Hacıyev bildirib ki, inkişaf edən ikitərəfli gündəm ortaq
maraqların praktiki nəticələrə çevrilməsi üçün imkan yaradır.


Mənbə: https://az.trend.az/azerbaijan/politics/4230217.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə