Nigar Fərhad vətəndaşın 11 min 500 manatını mənimsəyib? - ŞİKAYƏT

21 İyul 2026, 21:04 17 baxış

ABŞ-a təhsil və iş vizası ilə göndərilmələri məqsədilə övladları üçün vasitəçilik xidməti alan Leyla Məmmədova AİD Group şirkətindən şikayətçidir. O iddia edir ki, şirkətin verdiyi vədlər yerinə yetirilməyib, ödəniş etdiyi məbləğin sənədlərdə fərqli göstərilməsi isə əlavə suallar yaradıb.

Sonxeber.az-a müraciət edən Leyla Məmmədovanın sözlərinə görə, övladlarının ABŞ-a göndərilməsi və ABŞ vizalarının alınması üçün AİD Group şirkəti ilə razılıq əldə edib. O bildirir ki, şirkətin əməkdaşı Nigar Fərhad tərəfindən vizaların alınacağına dair zəmanət verilib və bu vədlərə inanaraq ümumilikdə 11 min 500 manat ödəniş edib.

Şikayətçinin iddiasına əsasən, ödəniş edilməsinə baxmayaraq, vəd olunan xidmət göstərilməyib və bu günə qədər övladları üçün ABŞ vizası alınmayıb. O, həmçinin bildirir ki, əldə etdiyi məlumata görə, viza ilə bağlı hər hansı rəsmi müraciət və ya proses də həyata keçirilməyib.

Leyla Məmmədova deyir ki, məsələ ilə bağlı dəfələrlə şirkət və Nigar Fərhadla əlaqə saxlamağa çalışsa da, zəng və mesajlarına cavab verilməyib, ona vəziyyətlə bağlı hər hansı aydın izahat təqdim olunmayıb.

Şikayətçi daha bir məqama diqqət çəkərək bildirir ki, ona təqdim olunan ödəniş çekində faktiki ödədiyi 11 min 500 manat əvəzinə 10 min 240 manat qeyd edilib. Onun sözlərinə görə, bu uyğunsuzluq ödəniş sənədlərinin düzgün tərtib olunması ilə bağlı ciddi şübhələr yaradır.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək üçün dəfələrlə əlaqə saxladıq, amma sualımıza cavab ala bilmədik.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə