Biznes TV niyə maliyyə çətinlikləri ilə üzləşib?
Biznes TV-nin İdarə Heyətinin sədri
Hikmət Məmmədov: “Biznes mediasının inkişafı ölkənin sahibkarlıq ekosistemi
üçün vacibdir”
Biznes TV-nin İdarə Heyətinin sədri
Hikmət Məmmədov: ``Televiziya hazırda fəaliyyətinin maliyyə dayanıqlılığını
təmin etmək baxımından ciddi çətinliklərlə üzləşib``
Faktxeber.Az xəbər verir ki, bu barədə
Biznes TV-nin məlumatında bildirilir. Gündəlik 24 saat yayım həyata
keçirən televiziyanın saxlanılması, xərclərin mövcud gəlirlər hesabına
qarşılanması çətinləşib və bu vəziyyət əməkdaşların bir hissəsinin işdən
ayrılması ilə bağlı ağır qərarların qəbul edilməsinə səbəb olub.
Biznes TV yalnız televiziya kanalı
deyil, sahibkarların fəaliyyətini işıqlandıran, iqtisadi proseslər barədə
məlumat verən, biznes ictimaiyyəti ilə cəmiyyət arasında əlaqə yaradan
ixtisaslaşmış media platformasıdır. Belə bir televiziyanın davamlı fəaliyyəti
sahibkarlıq mühitinin inkişafı, iqtisadi məlumatlılığın artırılması və biznes
təşəbbüslərinin təşviqi baxımından əhəmiyyət daşıyır.
Biznes TV-nin İdarə Heyətinin sədri
Hikmət Məmmədov hesab edir ki, yaranan vəziyyət ölkədə ixtisaslaşmış medianın
iqtisadi imkanlarının və reklam bazarının mövcud vəziyyətinin müzakirəsini
zəruri edir.
“Biznes TV sahibkarlığın inkişafına,
iqtisadi məlumatlılığın artırılmasına və biznes ictimaiyyətinin fəaliyyətinin
işıqlandırılmasına xidmət edir. Biz 24 saat yayım həyata keçiririk və qısa
müddətdə rəqəmsal platformalarda əhəmiyyətli auditoriya
toplamışıq.(televiziyalar arasında ölkə üzrə 6-cı sıraya qədər) Lakin
auditoriyanın olması öz-özlüyündə televiziyanın fəaliyyətini maliyyələşdirmir.
Bunun üçün dayanıqlı reklam və müxtəlif gəlir mənbələri lazımdır”, — deyə
Hikmət Məmmədov bildirib.
Azərbaycanın reklam bazarında artım
müşahidə olunsa da, bunun bütün media seqmentləri üçün eyni səviyyədə dayanıqlı
gəlir yaratdığını söyləmək mümkün deyil. Xüsusilə biznes və iqtisadiyyat
mövzularında ixtisaslaşan televiziya üçün məhdud reklam bazarında kifayət qədər
reklamverən və uzunmüddətli kommersiya tərəfdaşı cəlb etmək ciddi çağırış
olaraq qalır. Məsələnin miqyasının daha aydın olması üçün qonşu Gürcüstanın
televiziyalarının reklam bazarına nəzər salmaq kifayət edir. Əgər 2023-cü ildə
Azərbaycanda televiziya reklamından əldə olunan gəlir 22,38 milyon manat (13,2
milyon ABŞ dollar) olmuşdusa, Gürcüstanda isə yayımçıların reklam gəlirləri
87,4 milyon lari (32–33 milyon ABŞ dollar) olub. Beləliklə, Gürcüstanın
televiziyanın reklam bazarının dollar ifadəsində həcmi Azərbaycandakı
göstəricidən təxminən 2,5 dəfə böyükdür. Bu mənzərə ölkəmizdə ixtisaslaşmış
media qurumlarının fəaliyyət göstərdiyi reklam mühitinin məhdudluğunu və
dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasının əhəmiyyətini gündəmə
gətirir.
Beynəlxalq təcrübə də göstərir ki,
ixtisaslaşmış medianın davamlı fəaliyyəti təkcə televiziya reklamından asılı
deyil. Məsələn, dünyanın aparıcı media qurumlarından olan “Bloomberg Media”nın
2025-ci ildə ümumi gəlirləri illik müqayisədə 6 faiz artıb. Halbuki,
“Bloomberg”in maliyyələşməsi özündə reklam və sponsorluqla yanaşı, abunəliklər,
tədbirlər, lisenziyalaşdırma və dövlət-özəl qurumlarla tərəfdaşlıqları
birləşdirir.
Bu təcrübə onu göstərir ki,
ixtisaslaşmış medianın dayanıqlı fəaliyyəti üçün yalnız auditoriya toplamaq və
reklam yerləşdirmək kifayət etmir; müxtəlif gəlir mənbələrini birləşdirən iqtisadi
model tələb olunur. Reklam bazarı məhdud olan ölkələrdə isə bu məsələ daha da
aktuallaşır.
Hikmət Məmmədov bildirir ki, Biznes
TV-nin qarşılaşdığı çətinliklərə yalnız bir müəssisənin maliyyə problemi kimi
yanaşmaq düzgün olmazdı. Ölkədə sahibkarlığın inkişafını, iqtisadi
maarifləndirməni və biznes mühitinin işıqlandırılmasını hədəfləyən
ixtisaslaşmış media platformalarının davamlılığı daha geniş iqtisadi
ekosistemin maraqları ilə bağlıdır.
“Biznesin inkişafı
üçün sahibkarlar, maliyyə sektoru, dövlət qurumları və media arasında
əməkdaşlıq vacibdir. Biznes TV bu əməkdaşlığın bir hissəsi olmağa və
tərəfdaşlarına real kommunikasiya dəyəri yaratmağa hazırdır. İnanırıq ki,
ixtisaslaşmış biznes mediasının davamlılığına yaradılan şərait həm
televiziyanın fəaliyyətinə, həm də ölkənin sahibkarlıq mühitinə fayda verə
bilər”, — deyə Hikmət Məmmədov vurğulayıb.
Biznes TV fəaliyyətini davam etdirmək,
auditoriyasını genişləndirmək və ölkənin biznes mediasının inkişafına töhfə
vermək niyyətindədir. Mövcud vəziyyət reklam bazarının imkanlarının
genişləndirilməsi və bizneslə media arasında daha dayanıqlı iqtisadi
münasibətlərin qurulmasının vacibliyini göstərir.
Biznes TV hesab edir ki, güclü
sahibkarlıq mühiti üçün biznesin özü qədər, onun fəaliyyətini işıqlandıran, iqtisadi
bilikləri yayan və cəmiyyətlə əlaqəsini gücləndirən peşəkar media da vacibdir.