2026-cı ildə Azərbaycanın tranzit yükdaşımaları 16 milyon tonu ötəcək - Nazir müavini

25 Sentyabr 2026, 13:09 10 baxış

Azərbaycanın tranzit yükdaşımalarının həcminin 2026-cı ildə 16
milyon tonu ötəcəyi gözlənilir.


Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və
nəqliyyat nazirinin müavini Rəhman Hümmətov cümə günü Bakıda
keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.


O bildirib ki, hazırda nəqliyyat sahəsində əsas məsələ yalnız
kifayət qədər daşıma gücünün yaradılması deyil, həm də alternativ
bağlantıların, şaxələndirilmiş təchizat zəncirlərinin və dəyişən
şəraitdə, o cümlədən geosiyasi dəyişikliklər dövründə yüklərin
fasiləsiz və etibarlı hərəkətini təmin edən marşrutların
formalaşdırılmasıdır.


“Bu kontekstdə Orta Dəhliz digər nəqliyyat marşrutları ilə
müqayisədə dayanıqlığını və sabitliyini nümayiş etdirib. Dəhliz
Şərq-Qərb bağlantısının qorunması üçün etibarlı alternativ təqdim
edir”, - deyə nazir müavini qeyd edib.


R.Hümmətovun sözlərinə görə, Orta Dəhlizin strateji əhəmiyyəti
son illərdə daha aydın görünsə də, Azərbaycan bu marşrutun
əhəmiyyətini daha əvvəl dərk edib.


“Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Orta
Dəhlizin mərkəzində strateji mövqeyə sahibdir. Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizinə sadiqliyimiz onilliklər əvvələ gedib çıxır.
1998-ci ildə Bakıda keçirilmiş TRACECA Sammiti regional nəqliyyat
əməkdaşlığı üçün mühüm çərçivə yaradıb”, - deyə o əlavə edib.


Nazir müavini bildirib ki, Azərbaycan dəhlizin inkişafına
kompleks yanaşma tətbiq edərək həm fiziki, həm də “yumşaq”
infrastruktura diqqət yetirir.


Onun sözlərinə görə, bu yanaşma Bakı-Tbilisi-Qars dəmir yolu,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və hazırda inşa edilən
Horadiz-Ağbənd dəmir yolu kimi iri infrastruktur layihələrinə
yatırılan investisiyalarda öz əksini tapıb.


“Bu layihələr Orta Dəhlizin əsas dayaqlarıdır. Bu nəqliyyat
infrastrukturunun üzərində biz Ələt ətrafında daha geniş logistika
və iqtisadi ekosistem də formalaşdırırıq. Yeni Ələt Yük Hava Limanı
hava yükdaşımaları komponentini əlavə etməklə Ələtin multimodal
bağlantılarını daha da gücləndirəcək və Ələt Azad İqtisadi
Zonasının inkişafına dəstək verəcək”, - R.Hümmətov deyib.


O vurğulayıb ki, Azərbaycanın məqsədi yalnız tranzit ölkə
olmaqla məhdudlaşmır.


“Daha geniş yanaşma nəqliyyat bağlantılarını logistika, ticarət,
istehsal və investisiyalarla əlaqələndirməyə, Azərbaycanın daha
geniş iqtisadi mərkəzə çevrilməsinə imkan verəcək”, - deyə nazir
müavini bildirib.


R.Hümmətov qeyd edib ki, həyata keçirilən kompleks yanaşma artıq
konkret nəticələr verir. Onun sözlərinə görə, Azərbaycanın tranzit
ticarətinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb.


“2026-cı ildə tranzit ticarətimizin 16 milyon tondan çox
olacağını gözləyirik. Bu, pandemiyadan əvvəlki 2019-cu ildəki
göstəricidən təxminən üç dəfə çoxdur”, - deyə o bildirib.


Nazir müavini Orta Dəhliz üzrə yükdaşımaların da artacağını qeyd
edib. Onun sözlərinə görə, 2026-cı ildə Orta Dəhliz üzrə
yükdaşımaların həcminin təxminən 5,5 milyon tona çatacağı, Çindən
yola düşən müntəzəm konteyner qatarlarının sayının isə təxminən
600-ə yüksələcəyi gözlənilir.


O əlavə edib ki, beynəlxalq təşkilatların proqnozlarına əsasən,
2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 11
milyon tona, konteyner tranzitinin isə illik 900 min TEU-ya çata
bilər.

R.Hümmətov bildirib ki, Azərbaycan Orta Dəhlizin həm coğrafi
əhatəsini, həm də ötürücülük qabiliyyətini genişləndirir.


“TRIPP bağlantı layihəsi üçün çərçivə yaradan Vaşinqton Birgə
Bəyannaməsi bu prosesə əlavə təkan verib. Bu bağlantı fəaliyyətə
başladıqdan sonra Orta Dəhliz daxilində tamamlayıcı marşrut kimi
çıxış edəcək və ildə 15 milyon tona qədər əlavə ticarət imkanları
yaradacaq”, - deyə o qeyd edib.


Nazir müavini vurğulayıb ki, yeni bağlantıların tam səmərəsini
əldə etmək üçün dəhlizin digər hissələrində də əsas infrastruktur
layihələrinin tamamlanması vacibdir.


Onun sözlərinə görə, Türkiyədə Kars-Dilucu dəmir yolu Zəngəzur
bağlantısının davamını təmin edərək Avropa istiqamətində əlaqələri
gücləndirəcək. Şərq istiqamətində isə Çin-Qırğızıstan-Özbəkistan
dəmir yolu Çin ilə Mərkəzi Asiya arasında dəmir yolu bağlantısını
möhkəmləndirəcək.


“Bu layihələr birlikdə daha inteqrasiya olunmuş, şaxələndirilmiş
və dayanıqlı Şərq-Qərb nəqliyyat şəbəkəsinin formalaşmasına töhfə
verəcək”, - deyə R.Hümmətov bildirib.


O qeyd edib ki, Orta Dəhliz hazırda mühüm infrastruktur
layihələrinin planlaşdırıldığı və tamamlandığı yeni mərhələyə daxil
olur.


Nazir müavini bununla yanaşı, dəhlizin səmərəliliyinin
artırılması üçün “yumşaq” infrastrukturun da gücləndirilməsinin
vacibliyini vurğulayıb.


“İnfrastruktur imkanlarını yüklərin daha sürətli və
proqnozlaşdırılan hərəkətinə çevirmək üçün dəhlizin yumşaq
infrastrukturunu da gücləndirməliyik. Etibarlılıq, tranzit müddəti,
şəffaf qiymət siyasəti və bütün marşrut üzrə məsuliyyət eyni
dərəcədə vacibdir”, - deyə o bildirib.


R.Hümmətov Azərbaycanın artıq fəaliyyət göstərən və mərhələli
şəkildə genişləndirilən rəqəmsal “vahid pəncərə” sisteminin əsas
nəqliyyat, ticarət və tranzit xidmətlərini inteqrasiya etdiyini
söyləyib.


Onun sözlərinə görə, bu sistem gecikmələrin azaldılmasına və
səmərəliliyin artırılmasına xidmət edir. Lakin bu imkanların tam
reallaşdırılması üçün Orta Dəhliz boyunca bütün ölkələrdə analoji
inkişafın təmin edilməsi və proseslərin daha yaxşı
əlaqələndirilməsi tələb olunur.


“İnfrastrukturun inkişafı, nəqliyyat qrafikləri, sərhəd
prosedurları və məlumat mübadiləsi əlaqələndirilmiş şəkildə
irəliləməlidir. Dəhlizin bir hissəsində əldə olunan irəliləyiş
digər hissələrdə də müvafiq təkmilləşdirmələrlə müşayiət
olunmalıdır”, - deyə nazir müavini qeyd edib.


R.Hümmətov bildirib ki, bu istiqamətdə praktiki addımlardan biri
Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu operatorlarını bir
araya gətirən Orta Dəhliz üzrə multimodal birgə müəssisənin
yaradılması olub. Daha sonra Çin də bu əməkdaşlığa qoşulub.


“Bu gün biz əməkdaşlığı daha bir mərhələ irəli apararaq yeni
çoxtərəfli təşəbbüs üzərində işləyirik. Məqsəd daha güclü yüksək
səviyyəli institusional əməkdaşlıq çərçivəsi yaratmaq və iştirakçı
ölkələr arasında koordinasiyanı yaxşılaşdırmaqdır”, - deyə o
bildirib.


Nazir müavini qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsəd Orta
Dəhlizi daha səmərəli, proqnozlaşdırılan və rəqabətqabiliyyətli
marşruta çevirməkdir.


“Birgə fəaliyyət göstərməklə Orta Dəhlizin Asiya ilə Avropanı
birləşdirən uzunmüddətli və etibarlı Şərq-Qərb ticarət və logistika
platformasına çevrilməsini təmin edə bilərik”, - deyə R.Hümmətov
vurğulayıb.


Mənbə: https://az.trend.az/business/4227862.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə