Azərbaycan və Çex XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

22 Sentyabr 2026, 22:13 10 baxış

Sentyabrın 22-də Bakıda Azərbaycan və Çex Respublikası Xarici
İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.


Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
məlumat verilib.


Məlumata əsasən, Azərbaycan nümayəndə heyətinə nazir müavini
Fariz Rzayev, Çexiya nümayəndə heyətinə isə Çex Respublikasının
nazir müavini Mariya Çatardova rəhbərlik edib.


Məsləhətləşmələr zamanı Azərbaycan–Çexiya ikitərəfli
münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri
nəzərdən keçirilib, siyasi, iqtisadi, humanitar və digər sahələrdə
əməkdaşlığın gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.


Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazasının
genişləndirilməsi istiqamətində mövcud planlar nəzərdən keçirilib.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, müxtəlif
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı, eləcə də
namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət
yetiriblər.


Tərəflər regional və beynəlxalq gündəliyin aktual məsələləri
barədə də fikir mübadiləsi aparıblar. Bu çərçivədə
Azərbaycan-Ermənistan normallaşma prosesi və davamlı sülhün təmin
olunması istiqamətində atılan addımlar, habelə işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat
verilib.


Görüş çərçivəsində Azərbaycan–Çexiya münasibətlərinin qarşılıqlı
maraq və etimad əsasında daha da inkişaf etdirilməsinin, siyasi
dialoqun və müntəzəm təmasların davam etdirilməsinin əhəmiyyəti
vurğulanıb.


Mənbə: https://az.trend.az/azerbaijan/politics/4226765.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə