Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

12 Sentyabr 2026, 11:13 1 baxış

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər.


Milli.Az xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb.


Tulane Universitetinin tədqiqatçıları ürək-damar xəstəliyi olmayan 11 071 nəfərin məlumatlarını təhlil ediblər. İştirakçılar biləklərində işıq və hərəkət sensorları daşıyıb, bir neçə il sonra isə onların ürəyi MRT müayinəsindən keçirilib.


Nəticələr göstərib ki, gecə daha çox işığa məruz qalan insanlarda ürəyin strukturunda müəyyən dəyişikliklər müşahidə olunur. Ən çox işığa məruz qalan qrupda sol mədəciyin ölçüsü ən qaranlıq mühitdə yatanlarla müqayisədə orta hesabla 2,4 faiz daha böyük olub. Ürək divarının qalınlığı 1,5 faiz artıb, ürəyin yığılma qabiliyyəti isə 1,9 faiz azalıb.


Araşdırmaya əsasən, gecə işığına ən çox məruz qalan şəxslərdə ürək çatışmazlığı riski 29 faiz, infarkt riski 24 faiz, insult riski 33 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 26 faiz daha yüksək olub.


Mütəxəssislər bildirirlər ki, yataq otağında işıq səviyyəsini azaltmaq üçün sadə tədbirlər görmək mümkündür. Bunun üçün işıq keçirməyən pərdələrdən istifadə etmək, yataq otağında isti tonlu işıqlara üstünlük vermək və elektron cihazların üzərindəki LED işıqlarını söndürmək tövsiyə olunur.


Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)



 Mənbə: https://news.milli.az/health/1343617.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə